Ruhani inkişaf üçün dualar (#4785)

Məndə təmiz bir ürək yarat, Ey mənim Allahım və sakit bir vicdan oyat, Ey mənim Ümidim! Qüvvət ruhu ilə mənə Əmrində təyid ver, Ey mənim Məhbubum və cəlalının nuru ilə yolunu mənə göstər, Ey mənim Muradım! Hüdudsuz qüdrətinlə məni müqəddəslik səmana yüksəlt, Ey mənim varlığımın Mənbəyi və əbədiyyətinin nəsimləri ilə məni sevindir, Ey mənim Allahım! Əzəli nəğmələrinlə mənə sakitlik ver, Ey mənim Munisim, qədim üzünün zənginliyi ilə məni Səndən başqa hər şeydən qurtar, Ey mənim Mövlam və əbədi Zatının zühuru ilə məni müjdələ, Sən Ey aşkarlardan ən Aşkarı və gizlilərdən ən gizlisi Allah!

-Bahá'u'lláh
-----------------------

Ruhani inkişaf üçün dualar (#4786)

Ey mənim Rəbbim! Gözəlliyini ruzim, hüzurunu suyum, razılığını ümidim, tərifini əməlim, zikrini munisim, hökmranlıq qüdrətini köməyim, məkanını isə evim və Səndən pərdələnmişlərin məhdudiyyətlərindən pak olan məskənim eylə.

Sən, həqiqətən, Ən Qüdrətli, Ən Şərəfli, Ən Qüvvətlisən.

-Bahá'u'lláh
-----------------------

Ruhani inkişaf üçün dualar (#4787)

Ucalsın Sənin Adın, Ya Rəbb mənim Allahım! Mən Sənin bir bəndənəm ki, Sənin mərhəmət ipindən tutmuşam və Sənin səxavət ətəyindən yapışmışam. Səni and verirəm o Adına ki, onunla görünən və görüməyən bütün yaranmiş şeyləri tabe etdin və onunla bütün xilqətin üzərinə həyat nəsimi əsdi - Özünün göyləri və yeri əhatə edən qüvvətinlə məni gücləndir və məni bütün xəstəlik və bəlalardan qoru. Mən şəhadət verirəm ki, Sən bütün adların Rəbbisən, istədiyində təqdir Sahibisən. Səndən başqa Allah yoxdur, Sən Qüdrətli, Hər Şeyi Bilən və Ən Hikmətlisən.

İlahi, mənə Sənin bütün aləmlərində fayda verən şeyləri nəsib eylə. Sonra yaratdıqların arasında seçilmişlərin üçün yazdıqlarını mənə qismət eylə - o kəslər ki, nə qınayanın qınağı, nə imansızın səs-küyü, nə də Səndən üz döndərənin uzaqlığı Sənə dönməkdən onlara mane ola bilmədi.

Sən, həqiqətən, Öz hökmranlığının gücü ilə Qoruyucusan. Səndən başqa Allah yoxdur, Qüdrətli və Ən Qüvvətli.

-Bahá'u'lláh
-----------------------

Ruhani inkişaf üçün dualar (#4788)

Səni and verirəm, Ey mənim Allahım, Sənin Adının ən yüksək cəlalına, Öz sevimlilərini ədalət libasına bürü və onların varlığını etibar işığı ilə nurlandır. Sən O Kəssən ki, istdəyi kimi etməyə qüdrəti var, görünən və görünüməyən bütün şeylərin cilovunu ovcunda saxlar.

-Bahá'u'lláh
-----------------------

Ruhani inkişaf üçün dualar (#4789)

Öz əbədiyyətinin şirin sularından mənə içir, ey mənim Allahım və Sənin varlıq ağacının meyvələrindən mənə dadızdır, Ey mənim Ümidim! Məhəbbətinin saf çeşmələrinin sularından mənə doyunca içir, Ey mənim Şərəfim və Sənin əbədi inayətinin kölgəsində mənə məskən ver, Ey mənim Nurum! Sənə yaxınlıq çəmənliyində Öz hüzurunda məni gəzdir, Ey mənim Məhbubum, Sənin mərməhət taxtının sağında məni əyləşdir, Ey mənim Məqsudum! Sevincinin rayihəli nəsimlərini mənim üstümə əsdir, Ey mənim Mətləbim, məni Həqiqət cənnətinin zirvəsinə çatdır, Ey mənim Məbudum! Sənin təklik göyərçininin təranələrini mənə dinlət, Ey Parıldayan! Qüdrət və Qüvvət ruhunla məni canlandır, Ey mənim Pərvərdigarım! Eşqinin ruhunda məni möhkəm saxla, Ey mənim Yardım Edənim, Öz razılıq yolunda addımlarımı qüvvətləndir, Ey mənim Xaliqim! Sənin ölümsüzlük bağında, üzün qarşısında, əbədi məskən ver, Sən Ey mənə Mərhəmətli və Sənin izzət kürsündə məni əyləşdir, Sən Ey mənim Sahibim! İnayət səmana məni ucalt, Ey mənim Canlandıranım, hidayət Günəşinə məni yönəlt, Ey mənim Cəzb Edənim! Sənin görünməz ruhunun təzahürləri qarşısında məni hazır et, Sən Ey mənim Əvvəlim və mənim ən Uca İstəyim və Sənin zahir edəcəyin gözəlliyinin rahiyələrinin cövhərinə məni qaytar, Ey mənim Allahım!

Sən istədiyini etməyə Qadirsən. Sən, həqiqətən, Ən Uca, Ən Cəlallı, Ən Yüksəksən.

-Bahá'u'lláh
-----------------------

Ruhani inkişaf üçün dualar (#4790)

O Fəzl Sahibi, Ən Səxavətlidir! Ey Allah, mənim Allahım! Sənin nidan məni cəzb etdi və Şərəf Qələminin səsi məni oyatdı. Müqəddəs bəyanının kövsəri məni məst etdi və ilhamının şərabı məni ovsunladı. Görürsən məni, Ya Rəbb, Səndən başqa hər şeydən inqita etmişəm, Sənin əta ipindən yapışmışam, fəzlinin möcüzələrini diləyirəm. Səni and verirəm Sənin inayət dənizinin əbədi dalğalarına və Sənin nəvaziş və lütfünün parıldayan şəfəqlərinə, mənə o şeyləri bəxş eylə ki, məni Sənə cəzb etsin və Sənin sərvətinlə məni zənginləşdirsin. Mənim dilim, mənim qələmim, mənim bütün varlığım Sənin qüdrətinə, Sənin qüvvətinə şəhadət verir ki, Sən Allahsan, Səndən başqa Allah yoxdur, Qüdrətli və Qadir Allah.

Mən bu anda, Ey mənim Allahım, öz aciziliyimə və Sənin hökmranlığına, öz zəifliyimə və Sənin qüvvətinə şəhadət verirəm. Mən bilmirəm, mənə fayda verən nədir, ziyan vuran nə; Sən, həqiqətən, hər şeyi Bilən və Hikmət Sahibisən. Ya Rəbb, mənim Allahım, Mənim Mövlam, məni Sənin əbədi hökmünlə razı salacaq və Sənin bütün aləmlərində rifaha qovuşduracaq şeyləri mənə nəsib eylə. Sən həqiqətdə, Fəzl Sahibi, Səxavətlisən.

Ya Rəbb! Sənin sərvət dəryandan və mərhəmət səmandan məni qaytarma və bu aləmin və axirətin xeyrini mənə qismət eylə. Həqiqətən, Sənsən ucada qurulan mərhəmət kürsüsünün Sahibi; Səndən başqa Allah yoxdur, Tək, Hər Şeyi Bilən və Ən Hikmətli.

-Bahá'u'lláh
-----------------------

Ruhani inkişaf üçün dualar (#4791)

Ey mənim Allahım, kəramət və mərhəmət Allahı! Sən O Sultansan ki, Onun əmr kəlməsilə bütün mövcudat xəlq oldu; Sən O Kəramətli Kəssən ki, bəndələrinin əməlləri Onun fəzlini nümayiş etdirməsinə mane ola bilmədi və Onun səxavətinin aşkara çıxmasının qarşısını ala bilmədi.

İzn ver bu bəndəyə, yalvarıram Sənə, Sənin aləmlərinin hər birində onun xilası olacaq şeyə çatsın. Sən, həqiqətən, Qüdrətli, Ən Qüvvətlisən, Hər Şeyi Bilən, Ən Hikmətlisən.

-Bahá'u'lláh
-----------------------

Ruhani inkişaf üçün dualar (#4792)

O duanı Eşidən, ona cavab Verən Allahdır! And olsun cəlalına, Ey Məhbub, Sən Ey aləmi Nurlandıran! Hicran atəşi məni yandırdı, asiliyim ürəyimi əritdi. Sənin Ən Böyük Adına and verirəm, Sən Ey aləmin Məqsudu və bəşərin Məhbubu, izn ver ki, nəfəsinin rahiyəsi mənim ruhumu qidalandırsın, ecazkar Nidan qulağıma yetişsin, gözlərim Sənin adlarının və sifətlərinin məzhərlərində təzahür edən əlamətlərini və Sənin nurunu görsün, Sən Ey ovcunda bütün şeylərin cilovunu Saxlayan!

Ey Rəbbim Allah, Sənə yaxın olanların Səndən ayrılığa görə axıtıqları göz yaşlarını və Sənə sadiq olanların Sənin Müqəddəs Sarayından uzaq düşmək qorxusunu görürsən. Sənin görünən və görünməyən bütün şeyləri idarə edən qüdrətinə and olsun! Şər əhlinin və zalımların möminlərin başına gətirdiklərinə görə, Sənin sevimlilərinin gözlərindən gərək qanlı göz yaşları tökülsün. Görürsən, Ey mənim Allahım, imansızlar Sənin şəhərlərini və məmləkətlərini necə bürüyüblər! Səni and verirəm Sənin Elçilərinə, seçilmişlərinə və O Kəsə ki, Onunla Sənin ilahi birlik bayrağın bəndələrin arasında sancıldı - onları Öz kəramətinlə qoru. Sən, həqiqətən, Fəzilətli və Kəramətlisən.

Və yenə də, Səni and verirəm, Sənin fəzlinin yağışlarına və lütf dənizinin dalğalarına, övliyalarına onları nəsib eylə ki, gözləri təsəlli tapsın və könülləri rahatlıq əldə etsin. Ya Rəbb! Qalxıb Sənə xidmət etmək istəyən kəsi görürsən, bir ölü ki, Sənin səxavət dəryandan əbədi həyat istəyir və Sənin zənginlik səmanda süzmək diləyir, bir qərib ki, Sənin fəzlinin pənahında olan şərəf evinin həsrətini çəkir, bir axtaran ki, Sənin mərhəmətinlə kəramət qapına tələsir, bir günahkar ki, Sənin bağışlama və əfv dəryana üz tutur.

And olsun Sənin hökmranlığına, Sən Ey ürəklərdə Alqışlanan! Öz iradə və istəyimi unudaraq mən Sənə tərəf dönmüşəm ki, Sənin müqəddəs iradən və razılğın məni idarə etsin və Sənin tale və təqdir qələminin mənə yazdığı qismətə uyğun məni yönəltsin. Bu bəndə, İlahi, köməksizdir, amma Sənin Qüdrət üfüqünə dönür, zillətdədir, ancaq Sənin izzət Məşriqinə tələsir, möhtacdır, lakin Sənin fəzl Dəryanı arzulayır. Yalvarıram Sənə, onu Öz lütf və kəramətindən rədd etmə.

Sən həqiqətən, Qüdrətli, Bagışlayan, Şəfqətlisən.

-Bahá'u'lláh
-----------------------

Ruhani inkişaf üçün dualar (#4793)

Lütf eylə mənə, Ey mənim Allahım, Sənin məhəbbətindən və Sənin razılığından bol bir pay alım və parlaq işığının cazıbəsi ilə bizim ürəklərimizi məftun eylə, Sən Ey Ən Yüksək Sübut və Ən Şərəfli. Fəzlinin bir nişanəsi kimi, bütün günü və gecəni Sənin həyatverici yellərini mənə göndər, Sən Ey Kəramət Sahibi!

Sənin üzünü görməyi haqq edəcək bir iş görməmişəm, Ey mənim Allahım və yəqin bilirəm ki, dünya durduqca yaşasam da, bu inayəti qazanmaq üçün bir əməl etməyə müvəffəq olmazdım, çünki Sənin Kəramətin mənə çatmayınca, mərhəmətin məni sarmayınca, inayətin məni əhatə etməyincə bu bəndə Sənin müqəddəs məkanına heç vaxt yol tapa bilməz.

Bütün təriflər Sənin olsun, Sən Ey Ondan başqa Allah olmayan Allah. Fəzlinlə məni qabil eylə ki, Sənə yüksəlim, Sənin yaxınlığında məskən salmaq şərəfinə nail olum və yalnız Səninlə ünsiyyət edim. Səndən başqa Allah yoxdur.

Həqiqətən, Sən bir bəndəyə lütf etmək istəsən, Sən onun ürəyinin səmasından yalnız Sənin Özünün zikrindən başqa hər bir zikri və ya həvəsi silərdin və əgər Sən bir bəndəyə bəla nəsib etməli olsan, Sənin siman qarşısında onun əllərinin insafsızlıqla törətdiyi əmələ görə, Sən onu bu dünyanın və o biri dünyanın mənfəəti ilə imtahana çəkərdin ki, o onlarla məşğul olsun və Sənin zikrini tam unutsun.

-The Báb
-----------------------

Ruhani inkişaf üçün dualar (#4794)

Ey mənim Allahım, Ey mənim Allahım! Təriflər olsun Sənə, çünki Sənin təkliyinə inanmağa Sən mənə kömək etdin, məni Öz vahidlik sözünə cəzb etdin, Öz məhəbbətinin atəşilə məni alovlandırdın, Sənin zikrinlə, Sənin dostlarına və kənizlərinə xidmət etməklə məni məşğul etdin.

İlahi, itaətkar və təvazökar olmaqda mənə kömək et və özümü hər şeydən ayırıb Sənin cəlal libasının ətəyindən tutmaqda məni qüvvətləndir, ta ki, ürəyim Sənin eşqinlə elə dolsun ki, orada dünya sevgisinə və ondakı şeylərə bağlılığa yer qalmasın.

Ey Allah! Özündən başqa hər şeydən məni pak eylə, günah və xəta çirkabından məni təmizlə, ruhani qəlb və vicdan sahibinə çevir.

Həqiqətən, Sən Mərhəmətlisən və həqiqətən Sən Ən Səxavətlisən, hamının kömək dilədiyi Kəssən.

-`Abdu'l-Bahá
-----------------------

Ruhani inkişaf üçün dualar (#4795)

İlahi! İlahi! Bu bir çıraqdır ki, Sənin məhəbbətinin atəşilə yandırılıb və Sənin mərhəmət ağacında alışan alovdan od tutub. İlahi! Sənin Zühurunun Turunda yanan atəşlə onun odunu, hərarətini və alovunu şölələndir. Həqiqətən, Sən Təyid Edən, Yardımedən, Qüvvətli, Səxavətli və Sevənsən.

-`Abdu'l-Bahá
-----------------------

Ruhani inkişaf üçün dualar (#4796)

İlahi! İlahi! Sənin bu bəndən, Sənə tərəf gəlib, Sənin məhəbbət səhranda divanə olub, Sənin xidmət yolunda addımlayır, Sənin lütfünü gözləyir, kəramətinə ümid edir, mələkutuna təvəkkül edir və Sənin bəxşiş şərabından məst olub. Ey mənim Allahım! Onun Sənə məhəbbətindəki hərarətini, Səni tərif etməkdə sabitliyini, Sənə eşqindəki vurğunluğunu artır. Həqiqətən, Sən Ən Səxavətlisən, bol fəzl Sahibisən. Səndən başqa Allah yoxdur, Bağışlayan, Mərhəmətli Allah.

-`Abdu'l-Bahá
-----------------------

Ruhani inkişaf üçün dualar (#4797)

Ey Allah, mənim Allahım! Bu Sənin nurlu bəndən və ruhani köləndir, o kəs ki, Sənin yaxınlığına cəzb olunub və Sənin hüzuruna yaxınlaşıb. Öz üzünü Sənin üzünə tutub, Sənin təkliyini etiraf edib, vahidliyinə iman gətirib, Sənin adınla millətlər arasında səsini ucaldıb, insanları Sənin mərhəmət sularına hidayət edib, Sən Ey Səxavətli Allah! İstəyənlərə O, Sənin sonsuz fəzlinin şərabı ilə dolub-daşan hidayət piyaləsindən içirib.

İlahi, bütün şəraitlərdə ona yardım eylə, qorunan sirlərini ona öyrət və gizli gövhərlərini onun üstünə yağdır. Onu Sənin ilahi köməyinin yelləri ilə uca bürclərdə dalğalanan bayraq eylə, onu saf suların çağladığı çeşmə eylə.

Sən ey mənim Bağışlayan Rəbbim! Öz insanların arasında Sənin lütf etdiklərinə bütün şeylərin həqiqətini açmaqla, şöləsini ətrafa yayan çırağın şuaları ilə ürəkləri nurlandır.

Həqiqətən, Sən Qüdrətlisən, Qüvvətlisən, Qoruyucu, Güclü, Xeyirxahsan! Həqiqətən, Sən mərhəmət Mövlasısan!

-`Abdu'l-Bahá
-----------------------

Ruhani inkişaf üçün dualar (#4798)

Ey Allah, mənim Allahım! Bunlar Sənin zəif bəndələrindir, bunlar Sənin Uca Bəyanın qarşısında baş əyən, Sənin nurunun Astanasında itaət göstərən, Günəşi ən parlaq zamanında parladan təkliyinə şəhadət verən sadiq qulların və kənizlərindir. Onlar Sənin gizli səltənətindən ucaltdığın nidanı eşitmiş, məhəbbət və məftunluqla vuran ürəklərilə Sənin çağırışına cavab vermişlər.

İlahi, Sənin bütün mərhəmətini onların üzərinə səp, fəzlinin sularını onların üstünə yağdır. Onları gözəl bitkilər kimi cənnət bağçasında böyüt və Sənin bəxşiş buludlarından və Sənin kəramət hovuzundan bu bağçanı çiçəklənən eylə, onu hər zaman yaşıl və təravətli, büsatlı və gözəl saxla.

Sən, həqiqətən, Qüdrətli, Uca, Qüvvətlisən, göylərdə və yerdə dəyişməz qalan yeganə Sənsən. Səndən başqa Allah yoxdur, aşkar əlamətlər və rəmzlər Sahibi!

-`Abdu'l-Bahá
-----------------------

Ruhani inkişaf üçün dualar (#4799)

Odur Allah! Ey Allah, mənim Allahım! Bunlar Sənin bəndələrindir ki, Sənin nidana səs verməklə, Sənin tərifini söyləməklə, Sənin günlərində Sənin müqəddəslik rahiyələrinlə cəzb olunublar, Sənin müqəddəs ağacından yanan oddan alışıblar, Sənin əlamətlərini müşahidə etməklə, ayələrini dərk etməklə, sözlərini eşitməklə, Vəhyinə inanmaqla və inayətinə əmin olmaqla Sənin nəsimlərinlə oyanıblar və xoş rahiyələrinlə həyəcanlanıblar. Onların gözləri, İlahi, Sənin parlaq cəlalının mələkutuna dikilib və üzləri Sənin yüksək səltənətinə çevrilib, onların ürəkləri Sənin nurlu və parlaq camalının məhəbbətilə döyünür, qəlbləri Sənin eşqinin atəşindən odlanıb, Ey bu dünyanın və axirətin Rəbbi, onların həyatı Sənə can atmaq şövqündən qaynayır və onların Səndən ötrü göz yaşları sel kimi axır.

Onları Sənin müdafiə və mühafizə qalanda qoru, onları Sənin qayğı nəzərində saxla, onlara inayət və mərhəmət gözlərilə bax, onları bütün diyarlarda aşkar olan ilahi birliyinin nişanələri, əzəmət saraylarının üzərində dalğalanan bayraqlar, hidayət çıraqlarında hikmət yağı ilə yanan şamlar, mühafizə cənnətində ən hündür budaqlar üzərində Sənin irfan bağının oxuyan quşları, böyük mərhəmətinlə sonsuz dərinliklərə baş vuran kəramət dəryanın balıqları eylə.

Ya Rəbb! mənim Allahım! Sənin bu bəndələrin mütidirlər, onları Sənin uca mələkutunda yüksəlt; zəifdirlər, onları Öz üstün qüvvətinlə gücləndir. Zillətdədirlər, Özünün ən uca səltənətində onlara Sənin şərəfini əta et. Fəqirdirlər, əzəmətli hökmranlığında onları zəngin eylə. Sonra Sənin görünən və görünməyən aləmlərində müəyyən etdiyin bütün xeyirləri onlara qismət eylə, bu dünyada onları müvəffəq eylə, Öz nəfəsinlə onların könüllərini şad eylə, Sən Ey bütün varlıqların Rəbbi! Sənin cəlallı Məqamından yayılan xoş müjdələrlə onların ürəklərini nurlandır, Ən Böyük Əhdində onların addımlarını möhkəmlət və Sənin Misaqında onların qurşağını bərkit, Ey Rəhmli və Mərhəmətli! Sən, həqiqətən, Fəzilətli, Ən Kəramətlisən.

-`Abdu'l-Bahá
-----------------------

Ruhani inkişaf üçün dualar (#4800)

Sən Ey Ruzi Verən! Sən Qərbdəki dostların üzərinə Müqəddəs Ruhun rahiyələrini əsdirdin və Sənin ilahi hidayətinin işığı ilə qərb səmasını nurlandırdın. Bir zaman Səndən uzaq olanları Sən Özünə yaxınlaşdırdın; Yadları sevgili dostlara çevirdin; yatanları oyatdın; qafilləri hüşyar etdin.

Sən Ey Ruzi Verən! Bu nəcib dostlarına kömək eylə ki, Sənin razılığını qazansınlar, onları həm yadların və həm də dostların xeyirxahı eylə. Onları əbədi aləmə daxil eylə; İlahi feyz payı ehsan eylə; onları bütünlüklə Allahdan olan əsl bəhailər eylə; onları görüntüdən qoru və həqiqətdə yəqin eylə. Onları Mələkutun nişanələri və rəmzləri eylə, bu heçlik dünyasının üfüqündəki parlaq ulduzlar eylə. Onları bəşəriyyətə bir rahatlıq və təsəlli səbəbi et və dünya sülhünün xidmətçiləri eylə. Öz nəsihətlərinin şərabı ilə onları ruhlandır və izn ver ki, onlar Sənin hökmlərinin yolu ilə addımlasınlar.

Sən Ey Ruzi verən! Sənin Astananın bəndəsinin ən əziz arzusu budur ki, şərqdən və qərbdən olan dostların qucaqlaşdıqlarını görsün; sanki suyun ayrı-ayrı damlaları bir dənizdə qovuşubmuş kimi, insan cəmiyyətinin bütün üzvlərinin böyük bir məclisdə məhəbbətlə toplandıqlarını görsün; onların hamısını bir gülşənin quşları, bir dəryanın inciləri, bir ağacın yarpaqları, bir günəşin şuaları kimi görsün.

Sən Qüdrətlisən, Güclüsən, Sən qüvvət Allahısan, Qadirsən, hər şeyi Görənsən.

-`Abdu'l-Bahá
-----------------------

Ruhani inkişaf üçün dualar (#4801)

Ey Allah! Mənim ruhumu təravətləndir və sevindir. Mənim ürəyimi pak eylə. Mənim qabiliyyətlərimə işıq sal. Mən bütün işlərimi Sənə buraxıram. Sən mənim Bələdçim və Pənahımsan. Mən daha kədərli və qəmgin olmayacağam; xoşbəxt və şad bir varlıq olacağam. İlahi! Mən bir daha narahat olmayacağam, nə də qoyaram ki, qəm-qüssə məni incitsin. Mən həyatın xoş olmayan şeyləri üzərində daha durmayacağam.

Ey Allah! Sən mənə özümdən də yaxın dostsan. Sənə təslim edirəm özümü, İlahi!

-`Abdu'l-Bahá
-----------------------

